“Müşahidələr göstərir ki, sülh müqaviləsinin imzalanmasının bir addımlığındayıq. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Ermənistanın Baş naziri Paşinyanla görüşü onu deməyə əsas verir ki, detallar əvvəlcədən razılaşdırılıb”.
Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Mütəllim Rəhimli bildirib.

“Təbii ki, Azərbaycan sülh müqaviləsinə imza atarkən bəzi qarantiyaları da istəyəcək. Buraya Ermənistanın dövlət rəmzlərindən ölkəmizə qarşı ərazi iddialarının çıxarılması, sərhədlərin delimitasiyası, Qazaxın 3 kəndinin geri qaytarılması daxil ola bilər. Təbii ki, Zəngəzur dəhlizinin statusu və təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olacaq. ABŞ Prezidenti Trampın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təklifi çox güman ki, bu problemi həll edəcək və tərəflərin razılaşmasını reallaşdıracaq. Trampın vasitəçiliyi imzalanma ilə nəticələnəcəksə, bu, Birləşmiş Ştatların Cənubi Qafqazda möhkəmlənməsi demək olacaq. Bununla da regionda faktiki olaraq geosiyasi dəngənin dəyişməsinin şahidi olacağıq. ABŞ öz nüfuzunu qorumaq üçün bundan sonra nəinki sülh müqaviləsinin və digər razılaşmaların işləməsinə nail olmalıdır, həm də tərəflərin təhlükəsizliyinə qarantiya verməlidir. ABŞ-ın qazancı qədər məsuliyyəti də artacaq”.
M.Rəhimli bildirib ki, Azərbaycan Prezidentinin Vaşinqton görüşündə iştirakının özü kifayət qədər cəsarətli addımdır. Belə ki, Rusiyanın son vaxtlar ölkəmizə qarşı təzyiqləri fonunda Azərbaycan nəinki geriyə addım atmadı, əksinə, müstəqil mövqeyini və iradəsini ortaya qoydu.